Çin iqtisadiyyat sahəsində strateji tərəfdaşlıq çərçivəsində Kanada ilə münasibətləri gücləndirmək niyyətindədir.
NUHÇIXAN-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Trampın Kanadanı rüsum tətbiq etməklə hədələməsini şərh edən Çinin Ottavadakı səfirliyi "The Globe and Mail" qəzetinə bildirib.
"Çin və Kanada arasında sağlam və sabit münasibətlərin möhkəmlənməsi hər iki ölkənin ümumi maraqlarına cavab və dünyada sülhə, sabitliyə, inkişafa və rifaha töhfə verir", – bəyanatda qeyd olunub.
Daha əvvəl Tramp, əgər Kanada Çinlə ticarət sazişi bağlasa, bu ölkəyə qarşı 100%-lik rüsumlar tətbiq edəcəyini bildirmişdi. ABŞ Prezidenti hesab edir ki, Kanada Çindən malların boşaldılması üçün limana çevrilə bilər.
Kanadanın Baş naziri Mark Karni isə Trampın "Truth Social" platformasında "qubernator" adlandırmasından sonra cavab açıqlaması ilə çıxış edib. O, "X" sosial şəbəkəsində paylaşdığı videomüraciətdə ABŞ-ni və Trampı birbaşa qeyd etməyib. Karni bildirib ki, xaricdən gələn təhdidlər fonunda kanadalılar seçimlərini ediblər: nəzarət edə bildiklərinə fokuslanmaq.
"Biz başqa ölkələrin nə edəcəyini idarə edə bilmərik. Amma özümüz öz ən yaxşı müştərimiz ola bilərik: Kanada məhsul alın, Kanada malları istehsal edin. Birlikdə güclü Kanada quracağıq", – deyə baş nazir vurğulayıb.
Öz növbəsində, ABŞ ilə ticarətə cavabdeh olan kanadalı nazir Dominik Leblan "X" sosial şəbəkəsində bildirib ki, Kanada Çinlə azad ticarət sazişi bağlamağa çalışmır. Onun sözlərinə görə, tərəflər yalnız rüsumlarla bağlı bir neçə mübahisəli məsələdə razılığa gəliblər.
"Yeni Kanada hökuməti ölkə iqtisadiyyatını gücləndirir, ölkəmizi möhkəmləndirən və dünya üzrə ticarət tərəfdaşlıqlarımızı artıran planı həyata keçirir", – deyə o əlavə edib.
Qeyd edək ki, yanvar ayında Kanada və Çin iqtisadiyyat sahəsində strateji tərəfdaşlıq elan etmişdi.
