Macarıstan hökuməti əhalinin enerji xərclərini azaltmaq və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqini sürətləndirmək məqsədilə yeni subsidiya proqramını davam etdirməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, rəsmi Budapeştin açıqlamasına görə, proqram çərçivəsində vətəndaşlara fərdi yaşayış evlərində yeraltı və yerüstü temperatur fərqinə əsaslanan istilik sistemlərinin quraşdırılması üçün maliyyə dəstəyi göstəriləcək.
Söhbət əsasən geotermal istilik nasoslarından gedir ki, bu sistemlər torpağın sabit temperaturundan istifadə edərək evlərin həm qızdırılmasını, həm də soyudulmasını təmin edir.
Hökumət nümayəndələri bildiriblər ki, bu texnologiya uzunmüddətli perspektivdə enerji asılılığını azaldır, kommunal xərcləri aşağı salır və karbon emissiyalarının azalmasına töhfə verir. Yeni mərhələdə subsidiyaların həcminin artırılması və daha çox ailəni əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda, proqram kənd yerlərində yaşayan əhali üçün xüsusilə əlçatan ediləcək. Mütəxəssislər hesab edirlər ki, bu addım Macarıstanın yaşıl enerji strategiyasının mühüm hissəsidir və ölkənin iqlim hədəflərinə çatmasına kömək edəcək.
