Danimarka sahilləri yaxınlığında Avropanın iqlim hədəflərinə çatması yolunda ən perspektivli təşəbbüslərdən biri hesab olunan yeni layihə reallaşdırılır. Layihənin əsas məqsədi atmosferə atılan karbon qazını (CO2) tutaraq dəniz dibinin dərin qatlarında təhlükəsiz şəkildə saxlamaqdır.
NUHÇIXAN “Tagesschau”ya istinadla xəbər verir ki, anbar Şimal dənizinin ortasında, Danimarka sahillərindən təxminən 200 kilometr aralıda yerləşir. Bu ərazidəki dəniz dibindən indiyədək neft çıxarılıb. Sahildən Nini platformasına helikopterlə uçuş bir saat çəkir. Buradakı neft yatağı demək olar ki, tam tükənib. Bu, yerin dərin qatlarında CO₂ üçün boşluq yaradıb. İşlərə gələn yay başlanması planlaşdırılır.
Məqsəd belədir: qurğular CO₂-ni birbaşa atmosferə buraxmaq əvəzinə, xüsusi sistemlər vasitəsilə filtrləyir. Yığılan CO₂ kimyəvi proseslər nəticəsində maye halına salınır. Maye halında olan CO₂ boru kəməri ilə Şimal dənizində yerləşən keçmiş neft yatağına, Nini platformasının altındakı dəniz dibinin dərin qatlarına ötürülür.
Danimarka qarşısına belə bir iddialı məqsəd qoyub ki, təkcə bu layihə çərçivəsində hər il yerin altında 8 milyon tona qədər CO₂ saxlanılmalıdır. Bu göstərici Frankfurt-Mayna şəhərinin illik tullantı həcminə bərabərdir.
Layihəni həyata keçirən neft şirkətinin Avropa bölməsinin rəhbəri Mads Qadenin sözlərinə görə, bu təşəbbüs iqlimin qorunması ilə iqtisadiyyatı bir-birinə daha da uyğunlaşdırmalıdır. “Danimarka külək enerjisi sahəsində artıq standartlar müəyyən edib. İndi isə CO₂-nin saxlanması sahəsində də eyni nəticəyə nail olmaq istəyirik. Əgər Avropada CO₂ saxlanmasının cəmi 5 faizi burada həyata keçirilsə, çoxlu sayda iş yeri yarada və ildə 6,5 milyard avrodan artıq gəlir əldə edə bilərik”, – deyə Qade bildirib.
Mütəxəssislər əmindirlər ki, CO₂-nin saxlanması layihəsi olmadan Avropa İttifaqı 2050-ci il üçün qarşıya qoyduğu iqlim neytrallığı məqsədinə çata bilməz. İqtisadiyyat tam yenidən qurulanadək və CO₂ tullantıları azaldılanadək bu üsul yaranmış boşluğu doldurmaq üçün münasib vasitədir. Lakin bəzi ekoloqlar hesab edirlər ki, layihə əsas problemdən diqqəti yayındırır, yəni Avropa CO₂ tullantılarını kəskin azaltmalıdır. Buna görə də bu layihə yeganə və hərtərəfli həll yolu deyil. Ancaq o, atmosferdə iqlim üçün zərərli olan artıq CO₂ miqdarı ilə mübarizənin tərkib hissələrindən birinə çevrilə bilər.
