Böyük Britaniyada süni intellekt və canlı üztanıma texnologiyalarının tətbiqi genişləndiriləcək

A- A A+

Böyük Britaniyada polis sisteminin islahatı çərçivəsində süni intellekt və canlı üztanıma texnologiyalarının tətbiqi genişləndiriləcək.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, daxili işlər naziri Şabana Mahmud polis sisteminin köklü şəkildə yenilənəcəyini açıqlayıb. Nazir bu məqsədlə 140 milyon funt sterlinq (təqribən 300 milyon AZN) həcmində investisiya ayrıldığını bildirib. Onun sözlərinə görə, yeni texnologiyaların tətbiqi polis əməkdaşlarının hər il təxminən 6 milyon saat vaxtına qənaət etməyə imkan verəcək. Bu da 3 min nəfər polisin iş yükünə bərabərdir. İslahatlar çərçivəsində süni intellekt texnologiyaları CCTV kameraları, qapı zəngləri və mobil telefon görüntülərinin sürətli təhlili, “deepfake” materialların aşkarlanması, rəqəmsal kriminalistika proseslərinin aparılması, həmçinin sənədlərin doldurulması, məxfiləşdirilməsi və transkripsiya kimi inzibati işlərin sürətləndirilməsi üçün istifadə olunacaq.

Nazir bildirib ki, cinayətkarlar getdikcə daha mürəkkəb üsullardan istifadə edir, lakin bəzi polis qüvvələri hələ də köhnəlmiş, analoq metodlarla mübarizə aparır. Hökumət, həmçinin, canlı üztanıma sistemləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayını beş dəfə artıraraq 50-yə çatdırmağı planlaşdırır. Polis əməkdaşları bu texnologiyadan istifadə edərək axtarışda olan cinayətkarların müəyyənləşdirilməsi və saxlanılmasını tezləşdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: