Polşada hökm sürən əlverişsiz hava şəraiti dəmir yolu nəqliyyatında ciddi problemlərə səbəb olub, bir sıra istiqamətlər üzrə qatarların hərəkəti dayandırılıb.
NUHÇIXAN Polşanın PAP informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Qərbi Pomeraniya voyevodalığında planlaşdırılan qatar reyslərinin bərpası üçün intensiv işlər aparılır.
Polşa Dövlət Dəmir Yolu Xətləri şirkətinin bildirdiyinə görə, ərazidə əsas qatarlar və qoruyucu lokomotivlər fəaliyyət göstərir. Əməliyyatların dəstəklənməsi məqsədilə Poznan və Zbaszinek şəhərlərindən əlavə qatarlar göndərilib.
Hazırda dəmir yolu infrastrukturunda buzun təmizlənməsi üzrə intensiv işlər aparılır. Qeyd olunur ki, regional dizel qatarları buzlanmış dartma xətlərinin olduğu bəzi istiqamətlərdə hərəkətini davam etdirir.
