Hindistan və Avropa İttifaqı (Aİ) azad ticarət müqaviləsi üzrə danışıqların başa çatdırılması haqqında siyasi bəyannamə imzalayıblar.
NUHÇIXAN xəbər verir ki, imzalanma mərasimi Hindistan televiziyası ilə yayımlanıb. Tədbirdə Hindistanın Baş naziri Narendra Modi, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Koşta iştirak ediblər. Modinin sözlərinə görə, bu, ölkə tarixində ən böyük azad ticarət müqaviləsidir.
Tipik azad ticarət müqaviləsinə əsasən, hər iki tərəf satışa çıxarılan malların 90 faizdən çoxuna idxal rüsumlarını ləğv edir və ya azaldır. Həmçinin telekommunikasiya, nəqliyyat, mühasibat uçotu və audit daxil olmaqla, xidmət ticarəti üçün normalar liberallaşdırılır. Hindistan-Aİ azad ticarət müqaviləsinin hindistanlı ixracatçıların ənənəvi bazarlardan, eləcə də Çindən asılılığını azaltmağa və tədarükü şaxələndirməyə kömək edəcəyi gözlənilir.
Hazırda Aİ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. 2024-2025-ci illərdə Hindistan və Avropa İttifaqı arasında ikitərəfli mal ticarəti 136,53 milyard dollara çatıb. 2024-cü ildə xidmət ticarəti 83,1 milyard dollar təşkil edib.
