Türkiyə Mərkəzi Asiya ölkələrinin rifahına töhfə verməyə hazırdır. Qəlblərimiz birgə döyündükcə, türk dövlətləri qlobal proseslərə töhfə verməyə davam edəcək. Əminəm ki, Türk dünyası bu əsrdə öz izini qoyacaq.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuat konfransında bildirib.
Türkiyə dövlətinin başçısı 2023-cü ilin fevralında ölkədə 53 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfəyə görə Özbəkistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.
O vurğulayıb ki, Türkiyə və Özbəkistan münasibətləri “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltməyə çalışır. “Hər iki ölkənin institutları ümumi siyasi, iqtisadi, mədəni, humanitar və regional məqsədlərə nail olmaq naminə fasiləsiz çalışır. Son illərdə ticarət, müdafiə sənayesi, təhsil və mədəniyyət kimi sahələrdə çoxsaylı birgə layihələr həyata keçirilib”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Ankara ilə Daşkənd arasında münasibətlərdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində yeni addımlar nəzərdə tutulur.
“Son 10 il ərzində Türkiyə və Özbəkistan arasında ikitərəfli ticarət dövriyyəsi üç dəfə artıb. Əminəm ki, qardaş Özbəkistanla əmtəə dövriyyəsi yaxın vaxtlarda ildə 5 milyard dollara çatacaq”, – deyə Türkiyə Prezidenti qeyd edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirib ki, “Türkiyə dünyada yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir”.
“Türkiyə təsir imkanlarını getdikcə artırır və bütün sahələrdə mühüm nailiyyətlər qazanır. Bu, yalnız İslam dünyasında deyil, qlobal miqyasda da özünü göstərir”, – deyə Özbəkistan lideri vurğulayıb.
