İran ABŞ ilə razılığa gəlmək və regiondakı gərginliyi azaltmaq naminə nüvə proqramını ləğv etməyə və ya dayandırmağa hazırdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məmurlara istinadla məlumat yayıb.
İki mənbənin dediyinə görə, Tehranın nüvə proqramından imtina etməsi və ya onu dayandırması böyük güzəşt olardı. Lakin İran hakimiyyəti ABŞ-ın iştirakı ilə regional nüvə enerjisi konsorsiumunun yaradılmasına üstünlük verərdi.
Qəzet Amerika və İran rəsmilərinə istinadla qeyd edir ki, fevralın 6-da İstanbulda mümkün nüvə razılaşmasına dair danışıqlarda iştirakı planlaşdırılan İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff yazışmalar vasitəsilə şəxsi əlaqə saxlayırlar. Bundan əlavə, qəzetin məlumatına görə, Türkiyədəki görüşdə ABŞ Prezidentinin kürəkəni Cared Kuşner, eləcə də Türkiyə, Qətər və Misirdən yüksəkvəzifəli şəxslər iştirak edəcəklər.
Yanvarın 26-da ABŞ Prezidenti Donald Tramp Amerika dəniz qüvvələrinin “nəhəng bir armadası"nın İrana doğru irəlilədiyini açıqlayıb. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarının tamamilə ləğvini nəzərdə tutan ədalətli bir razılaşmaya nail olacağına ümid etdiyini bildirib. Ağ Evin rəhbəri, həmçinin əlavə edib ki, İran nümayəndələri amerikalı həmkarları ilə “ciddi danışıqlar” aparırlar.
