Vaşinqton və Dehli arasında imzalanan ticarət sazişi Hindistanın ABŞ-dan neft və müdafiə sənayesi, həmçinin əczaçılıq, telekommunikasiya və aviasiya sektoru məhsullarının tədarükünü nəzərdə tutur.
NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyinin Hindistan hökumətindəki mənbəyinə istinadla yaydığı məlumata görə, Dehli, həmçinin ABŞ-ın bəzi kənd təsərrüfatı məhsullarına ölkə bazarına çıxış imkanı verəcək. Birləşmiş Ştatlar isə saziş çərçivəsində qarşılıqlı ticarətə 18 faiz həcmində azaldılmış rüsum tətbiq edəcək. Bu, Hindistan yarımadası ölkələri arasında ən aşağı rüsum olacaq.
Agentliyin həmsöhbəti bunun ticarət sazişinin yalnız ilk mərhələsi olduğunu və daha genişmiqyaslı sazişin yaxın aylarda müzakirə olunacağını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 27-də Hindistandan idxal olunan məhsullara əlavə olaraq 25 faiz rüsum tətbiq edib və nəticədə ümumi tarif rüsumu 50 faizə çatıb. Dehli bu tədbirləri “əsassız və ədalətsiz” adlandırsa da, dialoqa və güzəştlərə hazır olduğunu vurğulayıb.
