ABŞ-ın hüquq-mühafizə orqanları Minneapolis şəhərində miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar 4 min nəfəri saxlayıb.
NUHÇIXAN xəbər verir ki, NBC telekanalı bu barədə ABŞ-ın daxili təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflinə istinadla məlumat yayıb. Məmurun sözlərinə görə, bu göstərici 2025-ci il noyabrın 29-dan bəri hökumət orqanlarının həmin şəhərdəki fəaliyyətinin nəticəsini əks etdirir.
Son bir neçə ay ərzində Minneapolisdə qanunsuz miqrantların saxlanılması üzrə əməliyyata hüquq-mühafizə orqanlarının və miqrasiya xidmətlərinin 3 mindən çox əməkdaşı cəlb olunub. Ağ Evin sərhəd təhlükəsizliyi üzrə əlaqələndiricisi Tom Homan qeyd edib ki, güc strukturlarının 700 əməkdaşı yaxın vaxtlarda şəhəri tərk edəcək. Bu, iki etirazçının öldürülməsi ilə bağlı yaranmış qalmaqal fonunda baş verəcək.
Qeyd edək ki, bir müddət öncə Ağ Evin göstərişi ilə qanunsuz miqrantların saxlanılması və cinayətkarlıqla mübarizə məqsədilə Minneapolis şəhərinə böyük qüvvələr göndərilmişdi. Nəticədə şəhərdə güc strukturlarının mövcudluğuna və onların sərt fəaliyyətinə qarşı etiraz aksiyaları başlamışdı.
