Aprelin 5-də Cənubi Koreyada "Samsung"un "Galaxy S10" smartfonunun satışa çıxarılması ilə ölkədə 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) kütləvi formada istismara veriləcək.
NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, bununla Cənubi Koreya dünyada 5G şəbəkəsinin kommersiya məqsədli istifadəyə verildiyi ilk ölkə olacaq. Ölkənin 3 mobil rabitə operatoru 5G şəbəkəsi üzrə xidmət tariflərini də həmin gün açıqlayacaq. Mobil operatorlar artıq yeni mobil rabitə şəbəkəsi standartlarına keçidi tamamlayıblar. Yeni nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı rəsmi mərasim isə aprelin 8-də keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl Londonda yerləşən "Arthur D. Little's" bazar araşdırması şirkəti Cənubi Koreyanın 5G yarışında lider olduğunu açıqlamışdı. Şirkətin 40-dan çox ölkə üzrə texniki infrastruktura dair apardığı qiymətləndirməyə əsasən, Cənubi Koreya ABŞ, Avstraliya, İsveçrə və Finlandiyanı qabaqlayaraq lider mövqedə göstərilib.