Cənubi Koreya ötən il 11 min 344 əcnəbiyə vətəndaşlıq verib.
NUHÇIXAN Koreyanın Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu rəqəm 2020-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir. Həmin il rekord sayda-13 min 885 əcnəbiyə Koreya vətəndaşlığı verilib.
Nazirliyin açıqlamasında deyilir ki, ötən il vətəndaşlıq alan əcnəbilər arasında çinlilər üstünlük (56,5 faiz) təşkil edib. Sonrakı yerləri vyetnamlılar, filippinlilər və tailandlılar tutur.
Ötən il 25 min nəfər isə Cənubi Koreya vətəndaşlığından imtina edib.
Qeyd edək ki, Cənubi Koreyada son illər əhalinin sayının, o cümlədən əməkqabiliyyətli insanların sayının azalması fonunda əcnəbilərə vətəndaşlıq verilməsi populyarlaşıb. Koreya vətəndaşlığı almaq istəyən əcnəbilər ən azı 5 il bu ölkədə yaşamalı, dil və mədəniyyət testindən keçməli, sabit gəlirə malik olmalı, əvvəlki vətəndaşlığından imtina etməlidirlər. Koreya vətəndaşı ilə ailəli olanlar, habelə valideynləri Koreya vətəndaşı olanlar 2-3 illik daimi yaşayışdan sonra vətəndaşlıq üçün müraciət edə bilər.
