Türkiyə Prezidenti: Problemlərin həlli yolu münaqişələr deyil, danışıqlar aparmaqdır

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misir səfərlərindən dönərkən bu ziyarətlər və beynəlxalq məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

NUHÇIXAN xəbər verir ki, Türkiyə Prezidenti bu səfərlər çərçivəsində ikitərəfli münasibətləri bütün aspektləri ilə əhatəli şəkildə müzakirə etdiklərini bildirib.

“Bölgəmizin aparıcı ölkələri olaraq “regional sahiblik” yanaşması ilə aktual proseslərlə bağlı məsləhətləşmələr apardıq. Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində mühüm əməkdaşlıqlara imza atırıq və bunu daha da inkişaf etdirməkdə qətiyyətliyik. Səudiyyə Ərəbistanı ilə KAAN beşinci nəsil hərbi təyyarəsi mövzusunda birgə investisiya nəzərdə tutulur. Hər an bu ortaq sərmayəni həyata keçirə bilərik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Səfər zamanı Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi arasında bərpaolunan enerji sahəsində mühüm bir sazişin imzalandığını xatırladan Ərdoğan deyib: “Səudiyyə Ərəbistanı şirkətləri Türkiyədə ümumilikdə 5 min meqavat gücündə Günəş və külək elektrik stansiyaları inşa edəcək. İlk mərhələdə Sivas və Karaman şəhərlərində hər biri 1000 meqavatlıq Günəş elektrik stansiyaları qurulacaq”.

Həmçinin ABŞ-İran münasibətlərinə toxunan Türkiyə Prezidenti deyib: “Amerika ilə İran arasındakı gərginliyin bölgəni yeni bir münaqişəyə və xaosa aparmasının qarşısının alınması üçün əlimizdən gələni edirik. İndiyə qədər tərəflərin diplomatiyaya imkan yaratmaq istədiyini görürəm. Bu, müsbət bir inkişafdır. Problemlərin həlli yolu münaqişələr deyil, uzlaşma zəminində bir araya gəlmək və danışıqlar aparmaqdır. Proses canlıdır və qırılmayıb. Zəmin hələ də dialoqa və diplomatiyaya açıqdır. Bir sıra görüşlərdə irəliləyiş əldə edildikdən sonra liderlər səviyyəsində danışıqların da faydalı olacağını düşünürəm”.

Suriyadakı son vəziyyət barədə danışan Ərdoğan bu ölkənin “vahid dövlət, vahid ordu, vahid Suriya” anlayışı ilə birləşməsinin Türkiyənin böyük arzusu olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: