Norveçin keçmiş baş naziri Torbyorn Yaqland barəsində korrupsiya şübhəsi ilə istintaqa başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Norveçin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb.
Məlumata görə, qərar “Epşteyn işi” ilə bağlı yaxın vaxtlarda dərc olunmuş materialların təhlilindən sonra verilib. Sənədlərdə Yaqlandın beynəlxalq fəaliyyəti dövründə hədiyyələr, səyahət kompensasiyaları və kreditlər aldığı göstərilir. Qeyd edilən dövrdə Yaqland Nobel Komitəsinin sədri və Avropa Şurasının Baş katibi vəzifələrini tutub. Agentliyin fikrincə, bu hallar vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı araşdırma aparmağı zəruri edir.
Polis Norveç Xarici İşlər Nazirliyinə Yaqlandın diplomatik toxunulmazlığının ləğv edilməsi üçün sorğu göndərib. Hazırda keçmiş baş nazir barəsində konkret ittiham yoxdur. Xarici medianın məlumatına görə, onun vəkili istintaqla əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, Yaqland 1996–1997-ci illərdə Norveçin Baş naziri, 2000–2001-ci illərdə isə xarici işlər naziri olub. 2009–2019-cu illərdə Avropa Şurasının Baş katibi və 2009–2015-ci illərdə Nobel Komitəsinin sədri olub.
