İsveçə narkotik axını tarixi maksimuma çatıb

A- A A+

İsveçin Gömrük Xidməti 2025-ci ildə ümumilikdə rekord həcmdə — 10,5 ton narkotik vasitə müsadirə edib. Bu göstərici indiyədək qeydə alınan ən yüksək nəticə olmaqla yanaşı, əvvəlki ilin rəqəmlərini də xeyli üstələyir. Qurum rəhbərliyinin bildirdiyinə görə, ölkə qaçaqmalçıların güclü təzyiqi altındadır.

NUHÇIXAN xəbər verir ki, müsadirələrin əsas hissəsini kokain, amfetamin və heroin kimi ağır narkotik vasitələr təşkil edir. Ən iri fakt Helsinqborq şəhərində qeydə alınıb. Belə ki, Ekvadordan gətirilmiş meyvə yüklü konteynerdə üç tondan artıq kokain aşkar edilib. Kokain axınının artması tələbatın yüksəlməsi və Cənubi Amerikada istehsalın təxminən beş dəfə artması ilə əlaqələndirilir. Qeyd olunur ki, narkotik vasitələr əsasən qanuni yüklər adı altında daşınır.

Heroin müsadirəsi də kəskin artaraq rekord səviyyəyə çatıb və 134 kiloqram təşkil edib. Müqayisə üçün bildirilib ki, ötən il bu göstərici cəmi 3 kiloqram olub. Artım bir neçə iri əməliyyatın aparılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə izah edilir. Qaçaqmalçılığın Balkan və Afrika mənşəli cinayət qruplaşmalarının iştirak etdiyi mütəşəkkil şəbəkələr vasitəsilə həyata keçirildiyi vurğulanır.

Gömrük Xidmətindən bildirilib ki, 5–6 il əvvəl qeydə alınan müsadirələrlə müqayisədə hazırkı vəziyyət tamamilə fərqlidir. Qurumun açıqlamasına görə, cari ildə narkotik axınının azalacağına dair heç bir əlamət müşahidə olunmur.

Eyni zamanda, xidmət mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni gücləndirib və bu cinayətlərlə əlaqədar saxlanılan şəxslərin sayını artırıb. Bununla belə, silah qaçaqmalçılığına qarşı mübarizədə zəif nəticələrin əldə edildiyi də etiraf olunur.

Qurumdan bildirilib ki, ötən il 44 min ədəd partlayıcı vasitənin ölkəyə qanunsuz girişinin qarşısı alınıb ki, bu da əvvəlki illə müqayisədə təxminən iki dəfə çoxdur. Buna baxmayaraq, cəmi 20 ədəd odlu silah aşkar edilib və bir dənə də olsun əl qumbarası tapılmayıb. Gömrük Xidmətindən qeyd ediblər: “Bu nəticə bizi qane etmir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: