Fransanın Baş Qərargah rəisi: Donanmada gəmilərin və sursatın çatışmazlığı ciddi risk yaradır

A- A A+

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabyən Mandon Fransa Hərbi Dəniz Qüvvələrinin mövcud imkanları ilə bağlı ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, artan geosiyasi gərginliklər fonunda Fransa donanmasının malik olduğu döyüş gəmilərinin və raket-sursat ehtiyatlarının sayı gələcək dəniz münaqişələrinə hazır olmaq üçün yetərli deyil.

NUHÇIXAN xəbər verir ki, general Mandon bu fikirləri Parisdə Beynəlxalq Münasibətlər üzrə Fransa İnstitutunun (IFRİ) təşkil etdiyi Paris Dəniz Konfransı zamanı səsləndirib. Tədbirdə xarici ölkələrin yüksəkrütbəli hərbçiləri, tədqiqatçılar və siyasi qərarvericilər iştirak ediblər.

“Gələcəkdə dənizdə hərbi qarşıdurma qaçılmaz olacaq. Bu, yalnız quruda güc nümayişi ilə məhdudlaşmayacaq. Dənizdə real və çətin döyüşlər baş verəcək. Mənim məqsədim həm döyüş gücü, həm də say baxımından döyüş hazırlığını bərpa etməkdir. Mövcud gəmilərin sayı kifayət etmir, eyni zamanda, gəmilərdə daşınan raketlərin ehtiyatı da yetərsizdir. Bu məsələlər yaxın illərdə prioritet fəaliyyət istiqamətlərindən biri olacaq. Çünki dənizdə ağır döyüşlər bizi gözləyir”, – deyə o vurğulayıb.

General Mandon Fransa donanmasının daha çox freqatlara, sualtı qayıqlara və yeni nəsil hərbi gəmilərə ehtiyacı olduğunu bildirib. O, həmçinin rəqib dövlətlərin sürətlə silahlandığını xatırladaraq, gəmilərdə daha çox raket, daha uzunmənzilli və daha yüksək dağıdıcı gücə malik silah sistemlərinin vacibliyini önə çəkib. Bu çağırışlar beynəlxalq münasibətlərdə dəniz müstəvisində müşahidə olunan gərginliklərlə üst-üstə düşür. Ukraynadakı müharibə kimi açıq silahlı münaqişələr, eləcə də, Çin kimi böyük güclərin donanmalarını sürətlə modernləşdirməsi dəniz təhlükəsizliyi balansını dəyişir.

Bundan əlavə, dəniz sərhədləri ilə bağlı mübahisələrin kəskinləşməsi, beynəlxalq hüquqi çərçivənin zəifləməsi və okeanlarda yerləşən kritik infrastrukturun strateji əhəmiyyətinin artması vəziyyəti daha da mürəkkəbləşdirir. Dron texnologiyalarının yayılması, raketlərin kütləvi tətbiqi və aşağı orbitdə peyk şəbəkələrinin çoxalması isə dəniz əməliyyatlarının mahiyyətini köklü şəkildə dəyişir.

General Fabyən Mandonun xəbərdarlığı Fransa üçün yalnız hərbi deyil, eyni zamanda, strateji və siyasi çağırış kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu açıqlamalar yaxın illərdə Fransa müdafiə siyasətində və hərbi büdcə prioritetlərində mühüm dəyişikliklərin anonsu ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: