Pentaqon Çinin qarşısını almaq üzrə strategiyasının bir hissəsi kimi Avstraliyanın qərbindəki “Stirling” bazasına dörd ədəd atom sualtı qayığı yerləşdirmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, ilk sualtı qayığın 2027-ci ildə bazada lövbər salacağı gözlənilir.
Qeyd edək ki, ötən ilin sonlarında dördüncü nəsil “Virciniya” sinfinə aid “USS Vermont” sualtı qayığı təxminən dörd həftə bazada dislokasiya olunub. ABŞ və Avstraliya hərbçiləri sualtı qayıqda müxtəlif texniki xidmət işlərini yerinə yetiriblər.
Avstraliya hakimiyyəti artıq Pertin yaxınlığındakı Henderson şəhərində təmir və gəmiqayırma zonasının yaradılması üçün 8,4 milyard dollar ayırıb. Qərbi Avstraliyada sualtı qayıqların təmiri və texniki xidmətinin aparılması ABŞ Hərbi Dəniz Qüvvələrinin Cənubi Çin dənizi də daxil olmaqla potensial münaqişə nöqtələrinin yaxınlığında yerləşməsinə imkan verəcək.
Nəşr qeyd edir ki, Vaşinqton administrasiyası üçtərəfli AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) hərbi alyansını daha da gücləndirmək strategiyasına sadiqdir. Üçtərəfli AUKUS paktı 2021-ci ildə ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin dövründə bağlanıb.
Pekin isə öz növbəsində dəfələrlə vurğulayıb ki, ABŞ-ın Sakit Okean və Hind Okeanı bölgələrindəki strategiyasının əsl məqsədi “Çini mühasirəyə almaq” və “NATO-nun Asiya-Sakit Okean versiyasını yaratmaqdır.
