Cənubi Koreya ölkəyə gələn əmək miqrantları üçün Koreya dili üzrə biliklərin yoxlanılması qaydalarını sərtləşdirir. Bu tədbirlərin məqsədi dil maneələri səbəbindən istehsalatda baş verən bədbəxt hadisələrin sayını azaltmaqdır. Cənubi Koreyada zavodlar, fermalar və tikinti meydançaları getdikcə daha çox əcnəbi işçi qüvvəsindən asılı vəziyyətə düşür.
NUHÇIXAN “South China Morning Post”a istinadla xəbər verir ki, Məşğulluq və Əmək Nazirliyi yanında Koreyanın İnsan Resurslarının İnkişafı Xidməti bazar ertəsi E-9 vizası ilə işçilərin seçimi sistemində tətbiq olunan müsahibə və bacarıqların test edilməsi prosedurlarına yenidən baxılmasını elan edib.
Sorğunun nəticələrinə görə, işəgötürənlərin demək olar ki, yarısı işçilərinin Koreya dili bilik səviyyəsindən narazıdır. Onlar xüsusilə işlə bağlı təlimatların anlaşılmasında (48,9 faiz) və təhlükəsizlik qaydalarının başa düşülməsində (37,6 faiz) çətinliklərin olduğunu bildirirlər. Əcnəbi işçilərin iştirakı ilə istehsalatda baş verən insidentlərlə bağlı artan narahatlıq bu dəyişikliklərin əsas hərəkətverici qüvvəsidir.
Əcnəbi işçilər ümumi işçi qüvvəsinin təxminən 3,4 faizini təşkil etsə də, 2022-ci ildə istehsalatda baş verən ölüm hallarının 9,2 faizi, 2023-cü ildə 10,4 faizi, 2024-cü ilin birinci yarısında isə 11,8 faizi onların payına düşüb. Bu tendensiya ötən il Koreyanın İnsan Hüquqları üzrə Milli Komissiyasını vəziyyəti düzəltmək üçün tədbirlər görməyə çağırış etməyə vadar edib.
