Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Dilicanda narazı kütlə Yerevan-Dilican magistral yolunu dörd saata yaxın bağlı saxlayıb.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçıların əsas narazılıqları yerli sakinlərin pay torpaqlarının kütləvi şəkildə bəzi oliqarxlar tərəfindən saxta yollarla özəlləşdirilərək mənimsəmələri ilə bağlıdır. İddia olunur ki, onlar indi çarəsiz vəziyyətdədirlər. Bunun günahını isə etirazçılar Dilicanın icra başçısı Armen Santrosyanda görürlər.
Bundan başqa, Dilican sakinləri Tavuş vilayətinin hüquq-mühafizə sisteminin işindən də narazıdırlar. Narazı kütlə vilayətin məhkəmə sisteminin çıxardığı saxta qərarlardan artıq beziblər. Ümumiyyətlə, bölgənin bitib-tükənməyən problemləri gündən-günə artır. Vətəndaşların şikayətlərinə baxan yoxdur. Dilicanlılar çıxış yolunu Yerevan-Dilican magistral yolunu bağlamaqda görüblər. Yüzlərlə maşın bir müddət tıxacda qalmalı olub. Azərbaycanın işğal altında olan Xankəndi şəhərində yaşayan ermənilər də işğalçı ölkədən narazılıq edirlər. Ermənistanın 1-ci kanalına müsahibə verən şikayətçilər jurnalistlərin Aprel döyüşləri ilə bağlı suallarını cavablandırıblar. Əhalinin mütləq əksəriyyəti 3 il əvvəl baş verən hadisələri çox acı hisslərlə xatırlayır. Bildirilir ki, həmin vaxt Xankəndidə tabut əlindən yer yox idi. Aprel döyüşlərində ayaqlarını itirən əlil hərbçi isə Yerevanda keçirilən anım mərasimində hökumətin laqeydliyindən şikayətlənib: “Mən 2 ay idi ki, Lori bölgəsindən hərbi xidmətə çağırılmışdım. Yerevandan Qarabağ bölgəsinə göndərildim. Bir həftə Xankəndidə saxladıqdan sonra məni cəbhə xəttinə apardılar. Ancaq Müdafiə Nazirliyinin hərbi nizamnaməsində bildirilir ki, orduya çağırılan, ən azı 6 ay təcrübəsi olmayan əsgərləri cəbhə xəttinə göndərmək olmaz. Üç il bundan əvvəl baş verən Aprel döyüşlərində iki ayağımı itirdim. Biz xeyli itkilər verdik. Bunun əsas səbəblərindən biri döyüş meydanında silah-sursatın olmaması idi. Nəticəsi isə göz qabağındadır. Çox istəyərdim ki, ailəmi normal dolandırmaq üçün biz əlillər üçün iş yeri açılsın. Ailəmi dolandırmaqda çox çətinlik çəkirəm”.
Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan 1 mart hadisələri ilə bağlı ifadə verib. Onun dindirilməsi prosesi Yerevanın Şenqavit rayon məhkəməsində keçirilib. Paşinyan istintaqa hadisələrlə bağlı şahid qismində müəyyən məlumatlar təqdim edib. Bildirib ki, 11 il əvvəl Sarkisyan rejimi Ermənistanda hakimiyyəti zorla ələ keçirib. Dövlət terroru nəticəsində 10-dan çox dinc nümayişçi öldürülüb, 150-dən artıq etirazçı yaralanıb. Bu müddətdə Ermənistan rəhbərlərinin yeritdiyi siyasətin təməlində zorakılıq, narkoticarət və despotizm ön sırada dayanıb. Ona görə də cinayətkar qruplaşma həm ölkə, həm də Beynəlxalq İnsan Haqları Məhkəməsi qarşısında cavab verməlidir. Artıq 1 mart hadisələri ilə bağlı sabiq prezident Robert Koçaryan həbs olunub. Sabiq prezident Serj Sarkisyanı, keçmiş müdafiə naziri Seyran Ohanyanı, general-polkovnik Yuri Xaçaturovu və keçmiş baş nazirin müavini Armen Qevorkyanı da eyni aqibət gözləyir.