Qazaxıstan Tacikistan, Qırğızıstan və Monqolustanı peyk interneti ilə təmin etməyi planlaşdırır

A- A A+

Qazaxıstan Tacikistan, Qırğızıstan və Monqolustanın peyk internetinə çıxış əldə etməsi istiqamətində təşəbbüs irəli sürüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini, rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev Prezidentin iştirakı ilə keçirilən hökumətin geniş iclasında məlumat verib.

Nazir bildirib ki, 2026-cı ildə ölkə üzrə əlavə 1900 kənd optik lifli rabitə ilə təmin olunacaq. Nəticədə növbəti ildə optik lif infrastrukturu ilə əhatə olunan yaşayış məntəqələrinin payı 90 faizdən çox olacaq. Bununla yanaşı, respublika əhəmiyyətli avtomobil yollarının bütün şəbəkəsi rabitə infrastrukturu ilə təchiz ediləcək.

Jaslan Madiyevin sözlərinə görə, Prezidentin tapşırığı ilə ötən ilin dekabr ayında dövlət sərhədindəki bütün keçid məntəqələri internetə çıxış əldə edib. Eyni zamanda, “Qazaxıstan Dəmir Yolları”nın sərnişin daşımaları üzrə bütün əsas marşrutlarında da internet xidməti əlçatan olacaq. Bundan başqa, ilk dəfə olaraq sərnişinlər yerli hava daşıyıcısının göyərtəsində internetdən istifadə etmək imkanı əldə edəcəklər.

Nazir vurğulayıb ki, rəqəmsal infrastrukturun ardıcıl inkişafı Qazaxıstanın daxili tələbatının ödənilməsinə şərait yaratmaqla yanaşı, ölkənin rəqəmsal əlaqəlilik sahəsində region üzrə aparıcı mövqeyini gücləndirəcək.

Onun sözlərinə görə, Qazaxıstan ərazisində “Starlink” şirkəti tərəfindən qurulmuş “gate” stansiyaları vasitəsilə peyk interneti qonşu ölkələr üçün də əlçatan olacaq. Cari ildə Tacikistan üçün internet trafiki bu il istifadəyə veriləcək. Növbəti mərhələdə Monqolustan və Qırğızıstan da bu xidmətə qoşulacaq.

Nazir həmçinin qeyd edib ki, Trans-Xəzər fiber-optik rabitə xətti üzrə Özbəkistan artıq “offtake” müqavilələri təklif edib. Hökumətin geniş tərkibdə iclası Astanada Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: