Danışıqlar uğursuz olarsa, ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatlar üçün Yaxın Şərqə ikinci təyyarədaşıyan zərbə qrupu göndərməyi düşünür.
NUHÇIXAN xəbər verir ki, bu barədə Tramp çərşənbə axşamı günü "Axios" agentliyinə açıqlaması zamanı bildirib.
O, Vaşinqtonun Tehranla diplomatik danışıqları davam etdirməklə yanaşı, regiona əlavə hərbi qüvvələr yerləşdirilməsini də nəzərdən keçirdiyini qeyd edib.
“Ya razılığa gələcəyik, ya da ötən dəfəki kimi sərt tədbirlər görməli olacağıq", - deyə Tramp vurğulayıb və əlavə edib ki, regiona daha bir təyyarədaşıyan gəmi göndərilə bilər.
Xatırladaq ki, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və bir neçə idarə olunan raket esminesi artıq Yaxın Şərqə yerləşdirilib.
ABŞ və İran ötən həftə Omanda danışıqlar aparıblar və hər iki tərəf dialoqu davam etdirmək barədə razılığa gəlib. Danışıqların növbəti mərhələsinin tarixi və yeri hələ açıqlanmayıb.
Diplomatik proseslə bağlı nikbinliyini ifadə edən Donald Tramp, deyib ki, “Tehran razılaşma əldə etməyi çox istəyir” və hər hansı razılaşma İranın nüvə proqramını, eləcə də ballistik raket ehtiyatlarını əhatə etməlidir.
