Qazaxıstan Respublikası Konstitusiyasının layihəsi ilə bağlı qazaxıstanlılar tərəfindən təxminən 10 min təklif təqdim edilib.
NUHÇIXAN “Kazinform”a istinadla xəbər verir ki, dövlət müşaviri Yerlan Karin bu açıqlamanı Konstitusiya İslahatları Komissiyasının 12-ci iclasında verib.
O, altı ay davam edən ictimai müzakirələr əsasında hazırlanmış yeni Konstitusiyanın mətninin iki həftə əvvəl mediada və internetdə dərc olunduğunu xatırladıb.
“Layihə ictimaiyyətə təqdim ediləndən bəri aktiv və əhatəli müzakirələr aparılıb. Bu müddət ərzində vətəndaşlardan təxminən 10 min təklif daxil olub. Bu, yeni versiyanın geniş müzakirələrdən keçdiyini, ictimai marağa səbəb olduğunu və vətəndaşların cəlb olunduğunu göstərir”, - deyə Karin qeyd edib.
O, əlavə edib ki, daxil olan təkliflərə əsasən, layihənin dərc olunmasından sonra əlavə müddəalar, eləcə də digər redaksiya və stilistik dəyişikliklər edilib.
“Bütün sistemli təkliflər Konstitusiyanın mətnində öz əksini tapıb. Buna görə də müxtəlif bölgələrdən və sektorlardan 130 nəfərin iştirak etdiyi Komissiyanın işinin hər bir vətəndaşa açıq olması, eləcə də minlərlə insanın əsaslı təklifləri nəzərə alınmaqla Əsas Qanunun yeni layihəsinin xalq Konstitusiyası adlandırılması tamamilə haqlıdır”, - deyə dövlət müşaviri bildirib.
