Gürcüstan hökuməti qanunsuz miqrasiyaya qarşı mübarizəni əsas dövlət prioritetlərindən biri elan edib. Bu mübarizə tədbirləri çərçivəsində 2026-cı il ərzində Gürcüstandan 3500–4000 qanunsuz miqrantın deportasiya olunmasını nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze qanunsuz miqrasiya ilə mübarizənin yolları və əhəmiyyəti ilə bağlı çıxışında bildirib.
O deyib ki, 2025-ci ildə qəbul edilən qanunvericilik dəyişiklikləri bu sahədə ciddi dönüş yaradıb. “Miqrasiya problemi qlobal xarakter daşıyır və Gürcüstan da istisna deyil. Qanunsuz miqrasiyaya qarşı mübarizə bizim əsas prioritetlərimizdəndir”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi qanunsuz miqrasiya ilə mübarizədə qanunvericilik, texnoloji və infrastruktur istiqamətlərində fəal işləyir. Nəticə olaraq, son bir il ərzində 1300-dən çox qanunsuz miqrant ölkədən çıxarılıb ki, bu da 2024-cü illə müqayisədə 207 faiz çoxdur.
Qanunsuz miqrasiya ilə bağlı mövqeyi Gürcüstanın Baş naziri İrakli Kobaxidze də təsdiqləyib. Baş nazir bu gün yaydığı videomüraciətdə bildirib ki, Miqrasiya Departamenti son bir ildə əvvəlki on ilin ümumi göstəricisindən daha çox qanunsuz miqrantı ölkədən çıxarıb.
Ekspertlərin fikrincə, Gürcüstan hakimiyyətinin bu addımları miqrasiya axınlarına nəzarəti gücləndirməyə, daxili təhlükəsizliyi artırmağa və əmək bazarını qorumağa yönəlib.
