“Boeing” korporasiyası “737 MAX” təyyarələrinin proqram təminatında MCAS (Maneuvering Characteristics Augmentation System) sistemi ilə əlaqəli olmayan daha bir səhv aşkarlandığını etiraf edib.
NUHÇIXAN bu barədə “The Washington Post” qəzetinə istinadla xəbər verir.
“Biz gələcəkdə insidentlərin qarşısının alınması üçün proqram təminatını uğurla yeniləyirik”, - deyə kompaniyadan bildiriblər. Kompaniya problemi “nisbətən əhəmiyyətsiz” adlandırsa da, təhqiqatın gedişi ilə tanış olan mənbə burada uçuşların təhlükəsizliyi baxımından çox mühüm məsələdən söhbət getdiyini deyib.
Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiya paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, son 5 ay ərzində həmin model təyyarənin uğradığı ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
Efiopiyada baş verən qəzadan sonra dünyanın 20-dək ölkəsi, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələri təhlükəsizlik baxımından “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyası isə öz növbəsində, “737 MAX” modelinin təhlükəsizliyi barədə bəyanat versə də, ABŞ-ın federal aviasiya idarəsinə (FAA) həmin modeldən olan bütün təyyarələrin uçuşlarını dayandırmağı tövsiyə edib.