Fransada “Epşteyn işi” ilə bağlı xüsusi araşdırmalar başlayıb

A- A A+

Paris Prokurorluğu Amerika Birləşmiş Ştatlarında (ABŞ) maliyyəçi Cefri Epşteyinlə bağlı iş üzrə dərc olunmuş yeni sənədlərin araşdırılması üçün xüsusi hakimlər təyin etdiyini açıqlayıb. Məqsəd mümkün hüquq pozuntularında Fransa vətəndaşlarının iştirak edib-etmədiyini müəyyənləşdirməkdir.

NUHÇIXAN xəbər verir ki, mətbuata göndərilən bəyanatda araşdırma materiallarının Milli Maliyyə Prokurorluğu və Məhkəmə Polis İdarəsi ilə əlaqələndirilmiş şəkildə təhlil olunduğu bildirilir. Məqsəd yeni istintaqın başlanmasına əsas olub-olmadığını qiymətləndirməkdir.

Həmçinin prokurorluq keçmiş model agenti Jan-Lük Brünel ilə bağlı istintaq materiallarının “tam yenidən təhlilinə” başladığını bildirib. Məqsəd ictimaiyyətə açıqlanan yeni sənədlər fonunda yenidən istifadə oluna biləcək sübutların müəyyənləşdirilməsidir. “Brünel işi” 2023-cü ilin iyulunda onun ölümündən sonra cinayət tərkibi olmadığına dair qərar qəbul olunaraq bağlanıb.

Bu kontekstdə Fransa Prezidenti Emmanuel Makron diplomat Fabris Aidanın vəziyyəti ilə bağlı “tam aydınlıq gətirilməsinə” çağırıb. Onun adı ABŞ arxivlərində bir neçə dəfə hallanıb.

Avropa sammitindən sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı bildirib ki, bu işin niyə daha əvvəl araşdırılmadığını anlamaq istəyir. Məlumatlara görə, adıçəkilən diplomat ABŞ-də uşaq pornoqrafiyası görüntülərinə baxmaq ittihamı ilə istintaqa cəlb edilmiş ola bilər. Makron qeyd edib ki, əgər administrasiyanın əlində illərdir kompromat xarakterli məlumatlar olubsa, belə bir vəzifəli şəxsin postunda qalması qəbuledilməzdir. O, məsələni yaxın vaxtlarda öyrəndiyini vurğulayıb. Diplomatın vəkili isə bütün ittihamların mübahisələndirildiyini açıqlayıb.

Qeyd edək ki, 2019-cu ildə məhkəməsi başlamamış həbsxanada vəfat edən Cefri Epşteyn azyaşlıların cinsi istismarını həyata keçirən şəbəkəni idarə etməkdə ittiham olunurdu. Bu ilin yanvarında ABŞ-də milyonlarla səhifəlik məhkəmə arxivləri – elektron məktublar, ünvan kitabçaları və şahid ifadələri ictimaiyyətə açıqlanıb. Sənədlərdə bir sıra fransız ictimai xadimlərin də adları keçir. Bu hal Fransada müvafiq işlə bağlı müzakirələri yenidən alovlandırıb. ABŞ hakimiyyət orqanları xatırladır ki, hər hansı adın sənəddə çəkilməsi onun təqsirli olması demək deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: