İstər BMT, istərsə də Avropa ölkələri Ukraynadakı münaqişənin həllinə yaxınlaşa bilmədilər.
NUHÇIXAN xəbər verir ki, bu fikri ABŞ-nin Dövlət katibi Marko Rubio Macarıstanın Baş naziri Viktor Orban ilə birgə keçirilən mətbuat konfransında səsləndirib.
“Bu müharibəyə son qoymaq ABŞ-nin maraqlarına uyğundur və biz buna nail olmaq üçün əlimizdən gələni edirik. Görünür, biz dünyada münaqişə tərəflərini danışıqlar masasına gətirə bilən yeganə ölkəyik. BMT və Avropada heç bir ölkə bunu edə bilməyib”, - deyə Rubio bildirib.
O əlavə edib ki, ABŞ-nin vasitəçiliyi ilə Ukrayna münaqişəsinin tərəfləri arasında dialoq bərpa olunub. Uzun illərdən sonra ilk dəfədir texniki səviyyədə danışıqlar aparılır.
Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə üçtərəfli danışıqların birinci mərhələsi yanvarın 23-24-də Əbu-Dabidə keçirilib. Üçtərəfli danışıqların ikinci mərhələsi yenə orada fevralın 4-5-də baş tutub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti danışıqların fevralın 17-18-də Cenevrədə üçtərəfli formatda keçiriləcəyini açıqlayıb.
