Böyük Britaniyaya kiçik qayıqlarla gələn və mobil telefonları sərhəd əməkdaşları tərəfindən müsadirə edilən miqrantlara ümumilikdə 210 min funt sterlinqdən çox kompensasiya ödənilib.
NUHÇIXAN “The Sun” qəzetinə istinadla xəbər verir ki, Ali Məhkəmənin hakimləri 2022-ci ildə çıxardıqları qərarda 2020-ci ilin aprel-noyabr ayları arasında ölkəyə daxil olan miqrantların axtarışa məruz qalaraq mobil telefon və SİM kartlarının götürülməsinin insan hüquqlarının pozuntusu olduğunu müəyyən ediblər.
Əldə olunan rəqəmlərə görə, indiyədək 32 sığınacaq axtaran şəxsə ümumilikdə 210 min 800 funt sterlinq ödənilib. Bu da hər nəfərə orta hesabla 6 min 587 funt təşkil edir. Rəsmilər nəşrə bildiriblər ki, daha 41 miqrant kompensasiyanın məbləği ilə bağlı qərar gözləyir. Əgər onlara da eyni məbləğ ödənilərsə, ümumi xərc 480 min 887 funt sterlinqə yüksələ bilər.
Məlumatda qeyd olunur ki, Daxili İşlər Nazirliyi bu məhkəmə işinin aparılması üçün əlavə olaraq 735 min funt sterlinq vəsait xərcləyib.
