Fevralın 17-də Çində ay təqvimi ilə yeni il – at ili başlayıb.
NUHÇIXAN xəbər verir ki, Çində böyük təmtəraqla qeyd olunan yeni ilin başlaması həm də yaz festivalı adlanır.
Çin xalqının tarixində ən qədim, məzmun baxımından ən zəngin və geniş təsirə malik ənənəvi bayramlarından biri olan yaz festivalı bir neçə min ildir qeyd edilir. Çin zodiak sisteminə əsasən, bu il od ünsürlü at ili, başqa sözlə, alovlu at ilidir. At zəhmətkeşliyi, cəsarəti və dözümlülüyü təmsil edir. Bundan başqa, od enerji simvolu hesab olunur.
Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir. Bahar festivalı tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. İnsanlar köhnə illə vidalaşıb Yeni ili qarşılamaq üçün bir neçə gün əvvəldən hazırlığa başlayır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Yaz festivalında evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.
Yaz festivalı ilə əlaqədar bütün ölkəboyu şənliklər, mərasimlər təşkil olunur. Bu mərasimlərdə Çin tarixi, mədəniyyəti, fəlsəfəsi səhnələşdirilmiş şoular, milli musiqi, rəqslər vasitəsilə təqdim edilir. Yaz festivalı 2024-cü ildə UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Yaz festivalı 15 gün davam edir və Fənərlər festivalı ilə yekunlaşır.
Çinlilər bayram günlərində ailəliklə süfrə arxasında toplaşmağa üstünlük verirlər. Ona görə bu bayram həm də ailə həmrəyliyi bayramı hesab olunur. Müxtəlif səbəblərdən ailəsindən, doğmalarından kənarda yaşayanlar, xüsusən də miqrant işçilər bu bayramda evlərinə baş çəkirlər. Çin Yeni il bayramı dünyada ən böyük daxili səyahət dövrü hesab olunur. Səlahiyyətli qurumların proqnozlarına görə bayram günlərində ölkə daxilində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,5 milyard səfər qeydə alınacaq. Buraya turizm məqsədli səyahətlər də daxildir. Buna görə də ictimai nəqliyyata tələbat çoxalır. Əslində bayram səyahəti dövrü Yeni il günündən 15 gün əvvəl başlayır və təxminən 40 gün davam edir. Ölkədaxili səfərlərlə yanaşı, xaricə səyahətlərdə də artır.
Yaz festivalının ən əlamətdar hadisələrindən bir də Çin Mərkəzi Televiziyasının (CCTV) bayram axşamı təşkil etdiyi qala-konsertdir. 1983-cü ildən bəri təşkil olunan konsertdə tanınmış incəsənət ustaları və xaricdən dəvət olunan qonaqlar çıxış edirlər. CCTV-nin builki qala konserti paytaxt Pekin ilə yanaşı, Harbin, Hefey, İu və İbin şəhərlərindəki studiyalardan canlı yayamlanıb. CCTV-nin yeni il qala-konserti dünyada ən çox tamaşaçının izlədiyi televiziya proqramı hesab olunur. Builki konserti televiziya vasitəsi ilə 677 milyon tamaşaçı izləyib. Qala konsertə internet platfomalardakı baxışların sayı isə 13,5 milyard olub.
