Özbəkistan Prezidenti Şavkat Mirziyoyev milli peykin buraxılması və ölkənin ilk kosmonavtının hazırlanması üzrə işlərin ilkin mərhələsinə həsr olunmuş təqdimata baxıb.
NUHÇIXAN Özbəkistan mediasına istinadla xəbər verir ki, təqdimat zamanı kosmik sahədə peyklərin idarə edilməsi infrastrukturu, kosmik məlumatların emalı və onların iqtisadiyyatın müxtəlif sahələrində praktiki tətbiqini əhatə edən uzunmüddətli və dayanıqlı milli sistemin formalaşdırılmasının zəruriliyi vurğulanıb.
Elmi-texniki potensialın gücləndirilməsi tədbirləri çərçivəsində ilk milli elmi peykin yaradılması üzrə layihə müzakirə olunub. Layihə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasını, mühəndis komandasının formalaşdırılmasını və 2028-ci ildə “Mirzo Uluqbek” adlı 6U formatlı elmi peykin buraxılmasını nəzərdə tutur.
Bundan əlavə, 10–14 gün davam edəcək qısamüddətli kosmik uçuş üçün milli kosmonavtın hazırlanması təşəbbüsü, eləcə də bu cür missiyaların həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Görüş zamanı həmçinin 2028-ci ildə Səmərqənddə Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi planları müzakirə olunub. Bu tədbir ölkənin kosmik təşəbbüslərinin təşviqi və beynəlxalq elmi-texniki əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirilir.
