İran və Rusiya hərbi dəniz donanmaları cümə axşamı günü Oman körfəzində və Hind okeanının şimalında birgə təlimlər keçirməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“İran və Rusiya donanmalarının birgə təlimləri fevralın 19-da Oman körfəzində və Hind okeanının şimal hissəsində keçiriləcək”, - deyə agentlik bildirib.
Məlumata görə, təlimlər dəniz təhlükəsizliyini təmin etmək, xüsusən dəniz terrorizminin qarşısını almaq və ticarət gəmilərini və tankerləri qorumaq üçün koordinasiyanı gücləndirməyi hədəfləyir.
Bundan əlavə, İran Hərbi Dəniz Qüvvələrinin birinci dəniz rayonunun komandanı kapitan Hassan Məqsudlu qeyd edib ki, İran region dövlətləri ilə dəniz təhlükəsizliyinin təmin edilməsindəki rolunu artırmaq məqsədilə təlimlər də planlaşdırır.
Dünən mediada Rusiya Baltik Donanmasının "Stoyki" korvetinin İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə birlikdə Oman körfəzində dəniz təlimi keçirdiyi barədə məlumat yayılıb. Təlimdə İran tərəfindən "Əlvənd" freqatı, "Şəhid Səyyad Şirazi" korveti və "Neyze" raket kateri iştirak edib.
