Portuqaliya hökumətinin və bu ölkənin sənaye təşkilatlarının qiymətləndirmələrinə görə, yanvarın sonundan fevralın ortalarınadək ölkədə qeydə alınmış qasırğalar 5,5 milyard avronu aşan ziyan vurub.
NUHÇIXAN xəbər verir ki, Portuqaliya hökumətinin məlumatına görə, ən böyük ziyan 4,5 milyard avrodan çox məbləğdə qiymətləndirilən dövlət və şəxsi mülkiyyətə dəyib. Müəssisələr də əhəmiyyətli ziyan çəkib.
İqtisadiyyat naziri Manuel Kastro Almeyda çərşənbə axşamı bildirib ki, şirkət rəhbərləri qasırğalar nəticəsində dəymiş zərəri təxminən 1 milyard avro həcmində qiymətləndiriblər.
O vurğulayıb ki, artıq 4 mindən çox şirkət ziyanın kompensasiyası üçün müraciət edib. Əmlaka dəyən zərərlə əlaqədar ziyan çəkmiş 11 min fiziki şəxs də kompensasiya almağa çalışır.
Kristin, Leonardo və Marta fırtınaları Portuqaliyada daha çox ziyana səbəb olub. Ümumilikdə, bu təbiət hadisələri 16 nəfərin həyatına son qoyub, 700-dən çox insan xəsarət alıb.
Ölkənin bir neçə regionunda elektrik enerjisinin kəsilməsinə və rabitə sahəsində xaosa səbəb olan güclü külək və daşqınlar səbəbindən 1200-dən çox insanın təxliyəsi tələb olunub.
Qasırğaların törətdiyi dağıntılarla əlaqədar tətbiq edilmiş fövqəladə vəziyyət rejimi Portuqaliya hökuməti tərəfindən bazar günü ləğv edilsə də, bazar ertəsindən etibarən bir çox yerli məmur bu qərarın vaxtından əvvəl qəbul edildiyini bildirərək onu tənqid edir.
