Çin - Qırğızıstan - Özbəkistan - Tacikistan multimodal nəqliyyat dəhlizi ilə ilk yük qatarı yola salınıb. Qatar Lançjou stansiyasından yola düşüb və Duşanbe-2 stansiyasınadək hərəkət edəcək. NUHÇIXAN xəbər verir ki, bu barədə Özbəkistanın “Uztemiryulkonteyner” (“Узтемирйулконтейнер”) səhmdar cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, “Uztemiryulkonteyner” Çində yaradılmış “UTK International Logistics” birgə müəssisəsinin təsisçilərindən biridir. Məhz bu müəssisə Çin ilə Mərkəzi Asiyanı birləşdirən marşrut üzrə pilot qatarı yola salıb.
Layihə 2025-ci ildə Düşənbədə Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentlərinin görüşündə əldə olunmuş regional əməkdaşlığın dərinləşdirilməsi və əlaqələrin inkişafı haqqında razılaşmalar çərçivəsində atılmış praktiki addım olub.
İlk qatarın tərkibinə istehlak malları və tikinti texnikası ilə yüklənmiş səkkiz 40 futluq konteyner daxildir. Marşrutun ümumi uzunluğu 3500 kilometrdən çoxdur. Yol müddətinin 18–20 gündən çox olmayacağı gözlənilir.
Vurğulanır ki, “Özbəkistan Dəmir Yolları” səhmdar cəmiyyətinin logistika sahəsində təşəbbüslərə göstərdiyi dəstək sayəsində bu multimodal marşrut üzrə daşıyıcılar üçün tarif güzəştləri tətbiq edilib. Bu, şirkətin Çin - Mərkəzi Asiya istiqamətində yük qatarlarının sabit və müntəzəm hərəkətini təşkil etməyə hazır olduğunu təsdiqləyir.
Xatırladaq ki, ötən ilin iyulunda Çin hakimiyyətinin Hubey əyalətinin Uxan şəhərindən Çin - Qırğızıstan - Özbəkistan multimodal beynəlxalq yükdaşımaları marşrutu üzrə ilk dəfə dəmir yolu qatarını yola saldığı bildirilmişdi.
