Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq

A- A A+

Dünyanın ən mürəkkəb dəmir yolu layihəsi Çinin cənub-qərbində həyata keçirilir. Sənaye tarixində texniki cəhətdən ən çətin layihələrdən biri hesab edilən bu iddialı dəmir yolu xətti ekstremal təbii şəraitdə - dağ silsilələri, seysmik zonalar və əlçatmaz bölgələrdən keçməklə inşa edilir və 2030-cu ilə qədər onun tamamlanması planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, 330 kilometrlik Dali-Ruili dəmir yolunun Yunnan əyalətinin dağlıq qərb bölgəsində nəqliyyat sistemini dəyişdirəcəyi və Çinin Cənubi və Cənub-Şərqi Asiya ilə əlaqələrini yaxşılaşdıracağı gözlənilir.

Bu layihənin başa çatması qlobal dəmir yolu tikintisində mühüm bir mərhələ olacaq. Dalidən Baoşana qədər olan hissənin uzunluğu 133 kilometrdir və burada qatarların hərəkəti cəmi bir saat çəkir. Lakin çətin relyefə görə, onun tikintisi on minlərlə işçi tələb edib və 14 ildə tamamlanıb. Bu barədə “South China Morning Post” nəşri yazır.

Müqayisə üçün qeyd olunub ki, oxşar dəmir yolu xəttinin düz, geoloji cəhətdən sabit ərazidə çəkilməsi cəmi üç il çəkərdi.

Dünyanın ən böyük tikinti və mühəndislik podratçılarından biri olan Çin Dəmir Yolu Qrupu dəmir yolu xəttinin uca dağlar, dərin vadilər, intensiv tektonik aktivlik və qeyri-sabit, qırıq qaya formasiyaları ilə xarakterizə olunan ərazilərdən keçdiyini bildirir. Tikinti işlərini aparanlar böyük qırılma zonalarından yayınmaq və dörd böyük çaydan keçmək məcburiyyətində qalıblar. Bunun üçün dəmir yolunu dəstəkləmək məqsədilə çoxsaylı texniki cəhətdən mürəkkəb körpü və tunellərin tikintisi tələb olunub. Cəmi 34 körpü və 21 tunel tikilib. Ən böyük çətinliklərdən biri yeraltı suların nəhəng axını olub. Tunellərə axan suyun həcmi 156.000 standart üzgüçülük hovuzuna bərabər idi və işçiləri uzun müddət su altında işləməyə məcbur edib. Yunnan əyalət hökumətinin sosial media hesabında yerləşdirilən bir mesajda deyilir: “Bu, dünyada tikilməsi ən çətin olan dəmir yoludur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: