ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Çaqos adalarını Mavrikiyə təhvil vermək və mühüm hərbi bazanı geri icarəyə götürmək planını kəskin tənqid edib.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək “Dieqo Qarsiyanı verməyin” çağırışı edib.
Tramp bildirib ki, bu torpaq Böyük Britaniyadan alınmamalıdır və belə bir addım atılarsa, bu, böyük müttəfiqimiz üçün ləkə olar.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi isə cavab olaraq bəyan edib ki, Çaqos adaları ilə bağlı razılaşma Böyük Britaniyanın və əsas müttəfiqlərinin təhlükəsizliyi, eləcə də Britaniya xalqının qorunması baxımından həlledici əhəmiyyət daşıyır. Nazirliyin açıqlamasında qeyd olunub ki, əldə edilən razılaşma bu həyati əhəmiyyətli hərbi bazanın uzunmüddətli gələcəyini təmin etməyin yeganə yoludur.
Baş nazir Kir Starmer daha əvvəl də bildirmişdi ki, razılaşma hərbi bazanın fəaliyyətinin davamlılığını qorumaq üçün zəruridir.
Qeyd edək ki, Dieqo Qarsiya arxipelaqın ən böyük adasıdır və burada Böyük Britaniya ilə ABŞ silahlı qüvvələrinin birgə hərbi bazası yerləşir. Ötən ilin may ayında elan edilən razılaşmaya əsasən, Böyük Britaniya Dieqo Qarsiyanı 99 il müddətinə geri icarəyə götürəcək.
