Fransa Prezidenti: Avropa ABŞ-nin iqtisadi modelindən dərs götürməlidir

A- A A+

Fransa Prezidenti Emmanuel Makron Antverpendə keçirilən üçüncü Avropa sənaye sammitində çıxışı zamanı Avropa İttifaqını innovasiyalara dövlət dəstəyi sahəsində ABŞ modelindən bəhrələnməyə çağırıb. O, nümunə kimi amerikalı iş adamı İlon Maskı göstərib.

 

NUHÇIXAN xəbər verir ki, Makron Avropa Komissiyasının prezidenti və bir sıra Avropa liderləri ilə birlikdə çıxış edərək strateji sahələrdə, xüsusilə yaşıl hidrogen və yeni nəsil nüvə enerjisi istiqamətində qaydaların sadələşdirilməsini və “Avropa üstünlüyü” prinsipinin gücləndirilməsini müdafiə edib.

 

Enerji sektorunun nümayəndəsinin qeyri-Avropa təchizatçıları ilə rəqabətə dair narahatlığa cavab verən Makron bildirib ki, Avropa İttifaqı xüsusilə hidrogen sahəsində normativ bazanı ciddi şəkildə sadələşdirməlidir. Üzv dövlətlərin fərqli qaydaları nəticəsində bazarın inkişafını ləngidən ifrat mürəkkəb sistem yaranıb.

 

Makron qeyd edib ki, Maskın uğuru sırf bazar mexanizmlərinin nəticəsi deyil. “Mask ilk növbədə ABŞ federal agentlikləri tərəfindən kütləvi şəkildə subsidiyalaşdırılan bir şəxsdir”, – deyə Fransa lideri vurğulayıb. O əlavə edib ki, Mask Müdafiə Nazirliyi daxil olmaqla dövlət qurumlarından ciddi maliyyə dəstəyi alıb, eləcə də institusional bazarlarda milli üstünlükdən yararlanıb.

 

Fransa dövlət başçısının fikrincə, məhz dövlət dəstəyi ilə strateji qorumanın birləşməsi ABŞ şirkətlərinə qlobal rəqabətdə üstünlük qazandırıb. “Əgər biz öz şirkətlərimiz üçün eyni addımları atmasaq, yarışda şansımız olmayacaq”, – deyə o xəbərdarlıq edib.

 

Makron Avropa sənayesinin ABŞ və Çin rəqabəti qarşısında qorunması üçün də təcili tədbirlərin zəruri olduğunu bildirib. Onun sözlərinə görə, “əgər düzgün sadələşdirmə və qoruma tədbirləri görülməzsə, bəzi sənaye sahələri yaxın rüblərdə yox ola bilər”.

 

O, Avropanın investorlara hüququn aliliyi və sabitlik baxımından üstünlüklərini vurğulayaraq, birgə maliyyə alətləri – avrobondlar vasitəsilə innovasiyalara dəstəyin artırılmasını təklif edib. “Enerji bizim sənaye suverenliyimizin əsas hərəkətverici qüvvələrindən biridir”, – deyə prezident fikrini yekunlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: