AMEA Naxçıvan Bölməsində “Azərbaycan dili: milli kimliyimiz” mövzusunda elmi konfrans təşkil olunub - VİDEO

A- A A+

AMEA Naxçıvan Bölməsində “Azərbaycan dili: milli kimliyimiz” mövzusunda elmi konfrans təşkil olunub. Tədbirdə dilin milli kimliyin əsas atributlarından biri kimi rolu, onun qorunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr geniş müzakirə edilib.

AMEA Naxçıvan Bölməsinin Mətbuat Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan dilinin dövlətçilik tariximizdə və milli-mənəvi dəyərlər sistemində müstəsna yerindən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin dil siyasətinə dair fikirlərini xatırladaraq, Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini vurğulayıb. Akademik bildirib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir və dövlət dilinin inkişafı məsələsini daim diqqət mərkəzində saxlayır. İsmayıl Hacıyev qeyd edib ki, Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycan dilinin saflığı, zənginliyi və qloballaşma şəraitində qorunmasının vacibliyi xüsusi olaraq vurğulanıb.

Tədbirdə çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Azərbaycan mədəniyyəti–2040” konsepsiyasında dil və kimlik məsələsi” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda dünya azərbaycanlılarının birliyinin və milli həmrəyliyinin simvoludur. O, dilin saflığının qorunmasının strateji vəzifə olduğunu qeyd edərək, dövlət başçısının AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə və televiziya müsahibələrində səsləndirdiyi fikirlərə istinad edib. Vurğulanıb ki, ana dilinin inkişafı milli mədəniyyətin davamlılığının əsas təminatıdır.

Konfransda həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşı Ülviyyə Aslanova “Azərbaycan dilinin saflığının qorunması və qarşıda duran vəzifələr” mövzusunda məruzə təqdim edib. O, dilin xalqın mənəvi sərvəti və tarixi yaddaşı olduğunu diqqətə çatdıraraq, onun mədəni fenomen və milli təhlükəsizliyin mühüm komponenti kimi çıxış etdiyini bildirib. Məruzədə onlayn Azərbaycan məktəbləri məsələsinə də toxunulub və dilin saflığının qorunmasında ictimai şüurun roluna diqqət çəkilib.

Tədbir çərçivəsində aparılan müzakirələrdə Azərbaycan dilinin müasir çağırışlar fonunda qorunması, ədəbi dil normalarına əməl olunması və gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsi məsələləri ön plana çəkilib.
Sonda vurğulanıb ki, Azərbaycan dili milli kimliyimizin əsas sütunlarından biri olmaqla yanaşı, dövlətçilik ənənələrimizin, mədəni irsimizin və mənəvi dəyərlərimizin daşıyıcısıdır. Bu baxımdan, onun saflığının qorunması və inkişafı ümummilli vəzifə kimi daim diqqət mərkəzində saxlanılmalıdır. 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: