ABŞ Prezidenti Donald Tramp bildirib ki, Danimarkanın muxtar ərazisi olan Qrenlandiyaya hospital gəmisi göndərəcək. Rəsmi Kopenhagen isə Danimarka və Qrenlandiyadakı səhiyyə sistemlərinin kifayət qədər yaxşı olduğunu, bu yardıma ehtiyac olmadığını bildirib.
NUHÇIXAN “Politico” nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti ötən həftənin sonu sosial şəbəkədə paylaşımında yazıb: “Luiziana ştatının möhtəşəm qubernatoru Ceff Lendri ilə birlikdə çalışırıq, xəstə olan və orada müalicə ala bilməyən bir çox insana tibbi xidmət göstərmək üçün Qrenlandiyaya əla hospital gəmisi göndərəcəyik. Bu, yoldadır!!!”. Donald Tramp paylaşımına xəstəxana gəmisi olan “Mercy”nin illüstrasiyasını da əlavə edib.
Tramp Ağ Evdə Respublikaçı qubernatorlar üçün şam yeməyi təşkil etməzdən bir az əvvəl Qrenlandiyaya hospital gəmisi göndərmək planını açıqlayıb və orada qubernator Lendrinin yanında oturub. Qubernator ABŞ Prezidentinin mesajını sosial media səhifəsində yenidən paylaşıb və əlavə edib: “Bu vacib məsələdə Sizinlə birlikdə işləməkdən qürur duyuram!”
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bazar günü DR milli telekanalına müsahibəsində deyib: “Qrenlandiya əhalisi müalicə tələb olunarsa, adanın özündə və ya Danimarkada ehtiyac duyduğu səhiyyə xidmətini alır. Qrenlandiyada xüsusi səhiyyə təşəbbüsünə ehtiyac yoxdur”.
Danimarkanın Baş naziri Mette Frederiksen bu ayın əvvəlində Münxen Təhlükəsizlik Konfransındakı çıxışında ABŞ-nin Qrenlandiya üzərində davam edən təzyiqini “qəbuledilməz” adlandırıb. O vurğulayıb: “Bunu belə ifadə edərdim. Əgər NATO-nun bir ölkəsi digərinə hücum edərsə, bu, Şimali Atlantika alyansının sonu deməkdir”.
