Cənubi Koreya Yaponiyanın mübahisəli Liankur adalarına ərazi iddiasına görə Amerika Birləşmiş Ştatlarının (ABŞ) üçtərəfli hərbi təlim təklifindən imtina edib.
NUHÇIXAN Koreya mediasına istinadla xəbər verir ki, ABŞ üç ölkənin hərbçilərinin fevralda birgə hərbi təlimlərin keçirilməsinə dair təklifini yanvarda tərəflərə təqdim edib. Amma Yaponiyanın Liankur adalarına ərazi iddiasını simvolizə edən "Takeşima günü"nü fevralın 22-nə təyin etməsinə cavab olaraq Koreyanın Müdafiə Nazirliyi üçtərəfli təlimin daha əvvəl keçirilməsini, əlavə olaraq ABŞ ilə birgə hərbi hava təlimlərinin təşkilini təklif edib. Birləşmiş Ştatlar Seulun təklifinə razı olmayıb, hətta hərbi hava təlimini təkbaşına keçirmək planı barədə Cənubi Koreyanı məlumatlandırıb. ABŞ bundan başqa, ötən həftə Yaponiya sahilləri və Şərqi Çin dənizi üzərində Yaponiya ilə birgə hava təlimi keçirib.
Cənubi Koreyanın Müdafiə Nazirliyi ABŞ və Yaponiya arasında birgə təlimlərin Cənubi Koreya, ABŞ və Yaponiya arasında keçirilən üçtərəfli təlimlərlə əlaqəsi olmadığını bildirib. Bununla belə, qurum 3 ölkənin sıx koordinasiya əsasında sabit şəkildə üçtərəfli təhlükəsizlik əməkdaşlığını davam etdirəcəyini deyib.
"Cənubi Koreya-ABŞ ittifaqına, habelə Cənubi Koreya, ABŞ və Yaponiya arasında təhlükəsizlik əməkdaşlığına möhkəm və davamlı sadiqliyimizi bir daha təsdiqləyirik", - deyə Müdafiə Nazirliyinin sözçüsü Çunq Binna bildirib. O, ABŞ ilə keçiriləcək “Azadlıq qalxanı” təliminin marta planlaşdırıldığını, digər birgə təlimlərin ilboyu cədvəl üzrə təşkil olunacağını söyləyib.
Qeyd edək ki, Liankur adaları (Koreya Dokdo, Yaponiya Takeşima adlandırır) Yapon dənizinin qərbində Koreya yarımadası ilə Yaponiya arasında yerləşir. Adalar qrupu İkinci Dünya müharibəsindən sonra Cənubi Koreyanın nəzarətində olsa da, Yaponiyanın suverenlik iddiaları iki qonşu arasında uzun müddətdir gərginliyin daimi mənbəyidir. Şimali Koreyanın da Dokdo adalarına iddiası var.
