Media: Avropa İttifaqı ABŞ ilə ticarət sazişini müvəqqəti dayandırmaq istəyir

A- A A+

ABŞ-də Ali Məhkəmənin gömrük rüsumları ilə bağlı qərarından və Prezident Donald Trampın yeni açıqlamalarından sonra Avropa Parlamenti Vaşinqtonla daha əvvəl razılaşdırılmış ticarət sazişinin icrası üzrə işi müvəqqəti dayandırmaq niyyətindədir. Avropa İttifaqı əvvəlcə ABŞ-dən yeni gömrük proqramı ilə bağlı daha çox detal əldə etmək istəyir.

NUHÇIXAN “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Avropa Parlamentindəki fraksiyaların geniş əksəriyyətini təmsil edən deputatlar bu addımı dəstəkləyiblər. Bununla da Avropa Parlamenti hələlik Avropa İttifaqının ABŞ sənaye məhsullarına tətbiq etdiyi rüsumların ləğvi ilə bağlı səsvermə keçirməyəcək.

Ötən gün Avropa İttifaqı deputatı Bernd Lanqe vəziyyətin qeyri-müəyyən olduğunu əsas gətirərək bu həftə planlaşdırılan səsvermənin təxirə salınmasını tələb edib. O, Parlamentin danışıqlar qrupuna hərtərəfli hüquqi qiymətləndirmə aparılana və ABŞ tərəfi aydın öhdəliklər təqdim edənə qədər işi dayandırmağı təklif edəcəyini açıqlayıb. Deputat buna iyulda Şotlandiyada razılaşdırılmış sazişin şərtlərinin və hüquqi əsasının artıq dəyişdiyini əsas gətirib.

Xatırladaq ki, Avropa İttifaqı və ABŞ ticarət münasibətlərinin gərginləşməsinin qarşısını almaq üçün iyulda razılaşma əldə etmişdi. Həmin sazişə əsasən, Avropa İttifaqı bir çox ABŞ məhsulları üzrə idxal rüsumlarını ləğv etməli idi.

Lakin Avropa Komissiyasının ötən gün yaydığı bəyanatda mövcud vəziyyətin ədalətli, balanslı və hər iki tərəf üçün faydalı trans-Atlantik ticarət və investisiya mühiti üçün əlverişli olmadığı qeyd edilib: “Razılaşma razılaşmadır. ABŞ-nin ən böyük ticarət tərəfdaşı kimi Avropa İttifaqı gözləyir ki, ABŞ Birgə Bəyanatda üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, necə ki, İttifaq da öz öhdəliklərinə sadiqdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: