Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə rəsmi məlumatın ətrafında qalmaqal yaranıb.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, baş nazirin aparatının yaydığı məlumatda onun martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanadakı görüşü barədə Rusiya Prezidentinə “məlumat verməsi” yazılıb. Sonradan isə bu mətn dəyişdirilib və “məlumat verib” sözləri “bəhs edib” ilə əvəz olunub.
Erməni politoloq Armen Qasparyan jurnalistlərə müsahibəsində bildirib ki, Paşinyanın mətbuat xidmətinin rəsmi məlumatın mətnini dəyişdirməsi bəzi mətləblərdən xəbər verir. O vurğulayıb: “Yerli həmkarlarımın da mənə izah etdiklərinə görə, bu dəyişiklik onunla bağlıdır ki, mətnin ilk variantında Ermənistanın baş nazirinin “öz rəisinə” məruzə etməsi təəssüratı yaranır. Ermənistanın suveren dövlət olduğunu nəzərə alsaq, mətbuat xidməti qərara gəlib ki, bu cür təsbit ermənilərin milli hisslərini təhqir edir və mətni yenidən yazmaq lazımdır”. Eyni zamanda, politoloq qeyd edir ki, 30 il ərzində - Levon Ter-Petrosyan da daxil olmaqla bütün prezidentlərin dövründə mətnlər bu formada yazılıb və heç kim bundan narahat olmayıb.
Qasparyan xatırladıb ki, rəsmi məlumatın mətninin dəyişdirilməsinin heç bir mənası yoxdur. Belə ki, Kremlin rəsmi saytında həmin məlumat olduğu kimi qalıb. “Bununla da hökumətin rəhbəri kimi baş nazir Nikol Paşinyan rüsvay olur. Bu, çox təəccüblüdür. Mətbuat xidmətinin yerinə olsaydım, bu cür hərəkət etməzdim”, -deyə politoloq vurğulayıb.