Ötən il Almaniyanın ümumi daxili məhsulu (ÜDM) təxminən 5,1 trilyon dollara çatıb. Bu nəticə ilə Almaniya davam edən iqtisadi böhranlara baxmayaraq, Çin və ABŞ-dən sonra üçüncü sıradakı yerini qoruyub saxlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Alman İqtisadiyyat İnstitutunun (IW) hesabatında bildirilib.
Ötən il ABŞ-də ÜDM-in həcmi 30,8 trilyon, Çində isə 19,5 trilyon dollar təşkil edib. Yaponiya isə 4,4 trilyon dollarlıq göstərici ilə dördüncü yerdədir. Yaponiya üçüncü yeri 2024-cü ildə Almaniyaya uduzub. Hər iki iqtisadiyyat oxşar problemlərdən - qlobal ticarətdə proteksionizmin artmasından, Çin ilə artan rəqabətdən və əhalinin qocalmasından əziyyət çəkir. Bundan başqa, Almaniya və Yaponiya bir müddətdir ABŞ və Çinin inkişaf dinamikasından geri qalır. Bu, hər iki ölkənin yüksək texnologiyalar və süni intellekt sahəsində lider mövqeyi və böyük daxili bazarları ilə əlaqədardır.
Hesabatda bildirilib ki, Almaniyanın 2026-cı ildə də üçüncü yeri qoruyacağı gözlənilir. Bu, güclü sənaye bazası, ixtisaslı kadrlar və elmtutumlu şirkətlər sayəsində mümkün olacaq. İqtisadi durğunluqla müşahidə olunan ardıcıl iki ildən sonra iqtisadiyyat təxminən bir faiz artım göstərəcək və bu, dövlət investisiyaları ilə dəstəklənəcək. Lakin bərpa prosesi hələ də zəifdir.
