Yaponiyanın paytaxtında “SkyDrive” startapı tərəfindən “Suzuki Motor”un dəstəyi ilə hazırlanmış elektrik şaquli qalxma və enmə (eVTOL) aparatlarının nümayiş uçuşlarına başlanılıb. Layihə Tokio bələdiyyə hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və 2028-ci ildə kommersiya sərnişin reyslərinə start verilməsi planlaşdırılır.
NUHÇIXAN “Nikkei Asia”ya istinadla xəbər verir ki, beş günlük nümayiş zamanı “SD-05” hava taksisinin imkanları təqdim olunur. Uçuşlar Tokio körfəzi üzərində 150 metr məsafədə, 13 metr hündürlükdə və təxminən 4 m/s sürətlə həyata keçirilir. Aparat 12 elektrik mühərriki ilə təchiz olunub.
Texniki olaraq “SD-05” bir pilot və iki sərnişin üçün nəzərdə tutulsa da, hazırda sınaqlar sərnişinsiz və məsafədən idarəetmə rejimində aparılır. Növbəti mərhələ 2027-ci ilə planlaşdırılır, kommersiya uçuşlarına isə 2028-ci ildə başlanması nəzərdə tutulur.
Şirkət bildirir ki, 2030-cu ildən sonra hava taksisi xidmətinin qiyməti yerüstü taksidən bir neçə dəfə baha ola bilər, lakin səfər müddətini 4–5 dəfə azaltmaq imkanı yaradacaq. “SkyDrive” artıq səkkiz ölkədən 415 ilkin sifariş alıb.
Layihə çərçivəsində “Suzuki Motor” ilə birgə Yaponiyada ildə 100-ə qədər aparatın istehsalı planlaşdırılır. Hazırda şirkət uçuş və xidmət sertifikatlaşdırma prosedurlarını davam etdirir.
