Pakistanın hakimiyyət orqanları silahlıların hücum təhdidi səbəbindən ölkə daxilində təhlükəsizlik tədbirlərini gücləndirib.
NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyi bu barədə Pakistanın daxili işlər naziri Talal Çaudhriyə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, yaxın günlərdə Pakistan ərazisində silsilə hücumların həyata keçirilə biləcəyinə dair kəşfiyyat məlumatları əldə olunub.
Talal Çaudhri son həftələr ərzində təhlükəsizlik qüvvələrinin aralarında Əfqanıstan vətəndaşları olmaqla onlarla şübhəlinin terrorçuluq şübhəsi ilə həbs olunduğunu vurğulayıb. O, həmçinin terror hücumlarında Əfqanıstan ərazisindən keçən silahlıların iştirakına dair əlavə dəlillərin əldə edildiyini deyib.
Xatırladaq ki, fevralın 22-də Pakistan ordusu Əfqanıstanda fəaliyyət göstərən “Təhriki Taliban Pakistan” və İŞİD-in bir qolu olan “Vilayət Xorasan” qruplaşmasının mövqelərinə zərbələr endirib. Silahlı Qüvvələrin bəyanatına əsasən, əməliyyat Pakistanda son terror hücumlarına, o cümlədən İslamabadda məsciddə törədilən partlayışa cavab olaraq həyata keçirilib.
Əfqanıstan hakimiyyəti isə öz növbəsində Pakistanın hücumu nəticəsində onlarla mülki şəxsin öldüyü barədə məlumat verib. Kabil ölkənin ərazi bütövlüyünün pozulmasına qətiyyətlə cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.
