Yaponiya G20 ölkələri maliyyə nazirləri və mərkəzi bankları rəhbərlərinin bu həftə keçiriləcək görüşünə sədrlik edəcək. Görüşdə dünya iqtisadiyyatı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, görüş aprelin 11-də Vaşinqtonda təşkil ediləcək. Bu, G20 ölkələri liderlərinin iyunda Oskada keçiriləcək sammiti ərəfəsində nazirlər səviyyəsində ilk görüş olacaq.
Yaponiya cari ildə G20-yə sədrlik etdiyinə görə, maliyyə naziri Taro Aso və Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda müzakirələrə rəhbərlik edəcəklər.
Görüşdə dünya iqtisadiyyatının vəziyyəti əsas diqqət mərkəzində olduğuna görə, birinci gün iştirakçıların Brexit ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.
İkinci gün isə nazirlər ABŞ ilə Çin arasında ticari qarşıdurmaya səbəb olan cari ödəniş balanslarının uyğun gəlməməsi məsələsini müzakirə etməyi planlaşdırırlar.