Ukrayna BVF-dən 1,5 milyard dollarlıq maliyyə yardımı üzrə ilk tranşı alıb. Vəsait prioritet büdcə xərcləri üçün istifadə olunacaq.
NUHÇIXAN bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenkonun “Telegram” kanalına istinadla xəbər verir.
“Ukrayna bu gün Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi çərçivəsində yeni dördillik proqram çərçivəsində BVF-dən ilk tranşı alıb. Hazırda 1,5 milyard dollar köçürülüb və bu vəsait prioritet büdcə xərclərinin maliyyələşdirilməsi, makromaliyyə sabitliyinin dəstəklənməsi üçün istifadə olunacaq”, -deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, proqramın ümumi həcmi 8,1 milyard dollardır. Ukrayna tammiqyaslı müharibənin başlanmasından bəri dövlət büdcəsi üçün BVF-dən 14,9 milyard dollar maliyyə dəstəyi cəlb edib.
“Biz makroiqtisadi sabitliyin qorunmasına, dövlət institutlarının gücləndirilməsinə və Avropa inteqrasiyasına doğru irəliləməyə yönəlmiş razılaşdırılmış islahatları həyata keçirməyə davam edirik”, -deyə hökumət başçısı əlavə edib.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Ukrayna üçün 8,1 milyard dollarlıq yeni maliyyələşdirmə proqramını təsdiqləyib.
