Amerika lideri Donald Tramp əbədi döyüşməyə hazır olduğunu bəyan etsə də, bəzi müşavirləri ABŞ-ın uzunmüddətli müharibəyə cəlb olunmasından qorxur və onu İran üzərində qələbəni ən qısa müddətdə elan etməyə inandırmağa çalışırlar.
NUHÇIXAN xəbər verir ki, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb.
Qeyd edildiyi kimi, beş günlük döyüşlərdən sonra Trampın ətrafındakıların çoxu artıq münaqişədən geri çəkilməyin zəruri olduğuna inanır. "CNN" mənbələri qeyd edib ki, Amerika administrasiyası bu məsələdə kifayət qədər ictimai dəstək əldə etməkdə çətinlik çəkir.
Bundan əlavə, fond bazarı xaosa qərq olub, benzinin qiyməti artır və Amerika qoşunları arasında ölənlərin sayının artması ehtimalı var. Bu baxımdan prezidentin bəzi müşavirləri və yaxın müttəfiqləri onu hərbi əməliyyatların müddətini qısaltmağa və qələbəni mümkün qədər tez elan etməyə inandırmağa çalışırlar.
Trampın müşavirlərindən biri "CNN"ə bildirib: "Bu, siyasi riskdir. Ümid edək ki, həqiqətən pis bir şey baş verməz, çünki baş verərsə, problemlər yaranacaq".
