Sinqapur 2027-ci ilin əvvəlindən ürək-damar xəstəlikləri riski yüksək olan şəxslərin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı qiymətləndirmə alətini tətbiq etməyi planlaşdırır.
NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Yeni alət yaş və tibbi tarixçə kimi məlumatları təhlil edərək diabet və hiperlipidemiyanın inkişaf ehtimalını proqnozlaşdıracaq.
Yüksək risk qrupuna daxil edilən şəxslər əvvəlki kimi üç ildən bir deyil, hər il ürək-damar xəstəlikləri üzrə müayinədən keçəcəklər. Bu müayinələr subsidiyalaşdırılacaq.
Bildirilir ki, alətin yüksək risk qrupuna daxil etdiyi şəxslərin növbəti üç il ərzində diabet və ya hiperlipidemiya diaqnozu alma ehtimalı 75 faizdən çoxdur. Yeni sistem fərdi risk profillərinə əsaslanan profilaktik tibbi xidmətin gücləndirilməsinə xidmət edəcək.
