Moskvada Rusiya və Türkiyə prezidentləri arasında görüş, iki ölkənin Yüksək Əməkdaşlıq Şurasının VIII iclası və biznes forum keçirilib
Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş, Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının VIII iclası, həmçinin dövlət başçılarının iştirakı ilə iki ölkənin işgüzar dairələrinin biznes forumu keçirilib.
NUHÇIXAN Kremlin.ru saytına istinadla xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Yüksək Əməkdaşlıq Şurasının VIII iclasında çıxış edən Rusiya Prezidenti deyib: “Sizi Moskvada salamlamaqdan məmnunuq və biz bu gün Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasını keçiririk. Burada ictimaiyyətin təmsilçiləri, habelə biznesmenlərin iştirakı ilə ikitərəfli əlaqələrimizin perspektivlərini müzakirə edir”. Rusiyanın dövlət başçısı əlavə edib ki, türkiyəli həmkarı ilə bu il keçiriləcək mədəniyyət və turizm ili çərçivəsində tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarətin həcmi 15 faiz artaraq 25 milyard dollara çatıb.
Vladimir Putin qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanla görüşündə 2023-cü ildə istifadəyə veriləcək “Akkuyu” atom elektrik stansiyasının tikintisi, “Türk Axını” layihəsinin vaxtında başa çatdırılması məsələləri də nəzərdən keçirilib. O, həmçinin beynəlxalq məsələlər, iki dövlətin müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivlərinin də müzakirə olunduğunu diqqətə çatdırıb. Rusiya Prezidenti bildirib ki, Moskva və Ankara arasında yüksək texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat, maşınqayırma sahələrində də əməkdaşlıq inkişaf edir. O, iş adamlarını onları narahat edən problemləri açıq şəkildə dilə gətirməyə çağırıb, həmçinin iyunun 6-8-də keçiriləcək Sankt-Peterburq beynəlxalq forumunda fəal iştirak etməyə dəvət edib.
Türkiyə Prezidenti çıxışında bildirib ki, rusiyalı həmkarı ilə birlikdə işgüzar dairələrlə yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Onun sözlərinə görə, bu gün 1300-dən çox türk iş adamı Rusiyada uğurla fəaliyyət göstərir. Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, hazırda Rusiya Türkiyənin ticarət dövriyyəsində üçüncü yeri tutur. O, iki ölkə arasında əmtəə dövriyyəsinin indiki 26 milyard dollardan gələcəkdə 100 milyard dollara çatdırmaq üçün yeni layihələrin həyata keçiriləcəyini də qeyd edib. Əlavə edib ki, bunun üçün müvafiq nazirlikləri tapşırıqlar verilib.