Fransa Yaxın Şərqdə müharibə aparmır və bu münaqişəyə qoşulmaq niyyətində deyil.
NUHÇIXAN xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə artan gərginlik fonunda sosial şəbəkədə narahatlığını ifadə edən gənc istifadəçiyə cavabında bildirib.
Prezidentə mesaj göndərən gənc qız ondan müharibəni dayandırmağın mümkün olub-olmadığını soruşub. Makron isə cavabında deyib: “Sənin narahatlığını çox yaxşı başa düşürəm və eşidirəm. Amma çox aydın demək istəyirəm: Siz, ümumiyyətlə, müharibə etməyəcəksiniz. Sadəcə həyatınıza davam edəcəksiniz”.
O vurğulayıb ki, Fransa müharibə tərəfi deyil. Makron, eyni zamanda bildirib ki, Fransa regiona əlavə hərbi qüvvələr göndərib:”Bu addım Fransa vətəndaşlarını və müttəfiqləri qorumaq, həmçinin İranın hücumları zamanı istifadə edilən dron və raketlərin qarşısını almaqda tərəfdaşlara kömək etmək məqsədi daşıyır. Bu qüvvələr arasında Fransanın təyyarədaşıyan gəmisi də var”.
Fransa Prezidenti əlavə edib ki, ölkəsi sülh yolu ilə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün səy göstərir. O, dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan dəniz marşrutlarının qorunması məqsədilə beynəlxalq koalisiyanın yaradılması üzərində işlədiyini açıqlayıb. “Fransanın rolu mümkün qədər ağıllı və sülhpərvər davranmaqdır”, – deyə o diqqətə çatdırıb.
