Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Novruz bayramına hazırlıq və onun keçirilməsi haqqında Fərman imzalayıb.
NUHÇIXAN rəsmi UZA informasiya agentliyinə istinadla xəbər verir ki, Fərmanda deyilir: “Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar zamanı insan hüquq və mənafelərinin, şərəf və ləyaqətinin təmin edilməsi, əhalinin rifahının yaxşılaşdırılması, cəmiyyətdə sülh, dostluq və harmoniya mühitinin, eləcə də sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib. Bütün bunlar qədim tarixə və ənənələrə malik, tolerantlıq, xeyirxahlıq və mərhəmət kimi ayrılmaz komponentləri ehtiva edən, Şərqdə Yeni ilin müjdəçisi olan Novruz bayramının humanist əhəmiyyətini daha da artırır”.
Özbəkistan Prezidentinin tapşırığına əsasən, 2026-cı ildə Novruz milli bayramının hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibi təsdiq edilib. Bu komitəyə bir həftə ərzində Respublika Mənəviyyat və Maarifçilik Mərkəzinin, Mədəniyyət Nazirliyinin, Gənclərlə İş üzrə Agentliyin, Özbəkistan Yazıçılar Birliyinin, Özbəkistan Məhəllələr Assosiasiyasının və “Nuroni” Fondunun təklifi ilə Novruz milli bayramının mənəvi və təhsil məzmununun gücləndirilməsi Konsepsiyasını təsdiq etmək həvalə olunub.
Sənəddə qeyd edilib ki, bu il müqəddəs Ramazan bayramı ilə həmahəng şəkildə qeyd olunan Novruzun humanizm prinsiplərinin daha da möhkəmləndirilməsini nəzərə alaraq, yaşlı nəslə, xüsusən də İkinci Dünya müharibəsi və əmək cəbhəsi veteranlarına tam hörmət göstərməklə, “Mehribonlik”, “Saxovat” və “Muruvvat” evlərinin sakinləri, sosial təminat siyahılarında adı çəkilən və dəstəyə ehtiyacı olan vətəndaşlar üçün bayram süfrələri təşkil olunsun, məhəllə fəallarının, gənclərin və qadınların iştirakı ilə müxtəlif xeyriyyə tədbirləri keçiriləcək. Həmçinin Novruz bayramı çərçivəsində bütün bölgələrdə, rayonlarda və şəhərlərdə abadlıq tədbirləri, “Mən də bir ağac əkəcəyəm” kampaniyaları təşkil olunacaq.
Bununla yanaşı, Prezidentin Fərmanına əsasən, paytaxt Daşkənddə və digər şəhərlərdə Novruz şənlikləri, tamaşalar da təşkil ediləcək.
